RƏSMİ XRONİKA
“AZƏRBAYCANDA SÖZ VƏ MƏTBUAT AZADLIĞI YERLİ VƏ BEYNƏLXALQ QANUNLAR KONTEKSTİNDƏ” MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Sizi - Söz Azadlığını Müdafiə Fondu ilə Bolqarıstanın “Assosiasiya Bulqariya” Təşkilatının birilikdə təşkil etdiyi “Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” beynəlxalq konfransın iştirakçılarını səmimiyyətlə salamlayıram.
Bu gün Azərbaycan Respublikasında dinamik iqtisadi inkişafla yanaşı demokratiyanın genişləndirilməsi, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin formalaşması sahəsində mühüm işlər görülür. Demokratik dövlət quruculuğu prosesində söz və mətbuat azadlığı müstəsna əhəmiyyət kəsb edir. Azad mətbuat, siyasi plüralizm demokratiyanın əsas sütunlarından biridir və dünyanın heç bir ölkəsində vətəndaş cəmiyyəti bunsuz təsəvvür edilə bilməz.
Son illərdə Azərbaycanda azad mətbuatın çərçivəsini genişləndirmək, ona zəruri maddi baza və əlverişli siyasi mühit təmin etmək, fəaliyyətini stimullaşdırmaq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkədə kütləvi informasiya vasitələri ilə cəmiyyət arasında münasibətlərin nizamlanması, mətbuatın özünütənzimləmə mexanizminin təmin edilməsi, iqtisadi və maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Avropa standartlarına uyğun bir sıra yeni qanunlar qəbul olunmuş, milli mətbuatımızın 130 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmiş, Mətbuat Şurası, İctimai Televiziya və Radio Yayımları Şirkəti yaradılmışdır. Bütün bunlar Azərbaycanda kütləvi informasiya vasitələrini gücləndirmiş, onların ictimai həyatdakı rolunu artırmışdır.
Eyni zamanda, mətbuatın inkişafı sahəsində Azərbaycanda bəzi problemlər də mövcuddur. Cəmiyyətdə sağlam tənqidə dözümlü münasibət yaradılması, mətbuatın maddi-texniki bazasının və peşəkarlığının yüksəldilməsi, jurnalistlərin etik normalara əməletmə vərdişlərinin gücləndirilməsi həm dövlət, həm də jurnalist təşkilatları qarşısında mühüm vəzifələr qoyur. Demokratik cəmiyyətin inkişafına xidmət edən müstəqil mətbuatın fomalaşdırılması və inkişafı bu işə bütün aidiyyəti qurumların xüsusi və məsuliyyətli yanaşmasını tələb edir.
İnanıram ki, nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin, Azərbaycanın və müxtəlif ölkələrin tanınmış media mənsublarının iştirak etdiyi bu mötəbər konfrans milli mətbuatımızın inkişafına mühüm töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır və konfransın işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2007-ci il.