İQTİSADİYYAT
Azərbaycanda tikinti sektorunun perspektivləri müzakirə olunmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 21-də “Avropa” mehmanxanasında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna (CEİBC) daxil olan müxtəlif şirkət və cəmiyyətlərin təmsilçilərinin iştirakı ilə Azərbaycanın tikinti sektorunun hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar biznes forum keçirilmişdir.
Tədbirdə CEİBC-in prezidenti və baş icraçı direktor Telman Əliyev bildirmişdir ki, qurumun nəzdində fəaliyyət göstərən klublardan biri də “Xəzər-Avropa Tikinti Klubu”dur. Klub çərçivəsində 50 ölkəni təmsil edən 500-dən artıq şirkət və təşkilat birləşmişdir və onlar dövlət-biznes dialoqunda fəal iştirak edirlər. Əsas məqsəd dövlət-biznes-cəmiyyət əlaqələrinin yaradılmasında fəal iştirak etməkdir.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov inşaat sahəsində görülən irimiqyaslı işlərin ölkəmizin inkişafında önəmli rolundan danışmışdır. Nazirlik yaranandan bəri müfəttişlik tərəfindən xeyli işin görüldüyü, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq addımların atıldığı, əməkdaşların bir sıra beynəlxalq konfrans və seminarlarda iştirak etdikləri diqqətə çatdırılmışdır.
X.Nəcəfov demişdir ki, son vaxtlar tikintidə təhlükəsizliyin təmin edilməsində uğurlar əldə edilsə də, bir sıra çatışmazlıqlar hələ də mövcuddur. Binanın təhlükəsiz istismarının vacib hissələrindən biri də həyata keçiriləcək layihələrin ekspertizadan keçirilməsidir. Şirkətlər buna ciddi yanaşmalı, işlər tikintinin norma və qaydalarına uyğun olaraq aparılmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi rəisinin müavini Məhərrəm Məhərov əvvəlki illərlə müqayisədə 2010-cu ildə tikintidə ölüm hallarının azaldığını nəzərə çarpdırmışdır. Bildirmişdir ki, tikinti şirkətlərinin rəhbərləri əməyin təhlükəsizliyi üçün məsuliyyət daşıyırlar. Bütün işçilərin sığorta olunması vacibdir, bunun şirkət və ya müəssisə üçün də əhəmiyyəti böyükdür.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmış, təkliflər verilmiş, problemlər müzakirə olunmuş, iştirakçıların sualları cavablandırılmışdır.
Tədbirdə bəzi təşkilatlara “Xəzər-Avropa Tikinti Klubu”na üzv olması ilə bağlı sertifikatlar təqdim edilmişdir.
######