Azərbaycanda vətənpərvər gənc nəsil yetişib
Ağdam, 2 aprel, AZƏRTAC
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə gənclərimiz böyük qəhrəmanlıq göstərdilər. Gənc hərbçilərimiz fədakarlığı və vətənpərvərliyi ilə xalqımıza qələbə sevinci yaşadaraq tarix yazdılar, gələcək nəsillər üçün böyük bir nümunə göstərdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağdam rayon təhsil şöbəsində keçirilən "Azərbaycanda vətənpərvər gənc nəsil yetişib" adlı onlayn tədbirdə səsləndirilib. Təhsil şöbəsinin əməkdaşlarının, müəllimlərin və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər gənclərimizin 44 günlük müharibədəki fədakarlıqlarından söhbət açıblar. Bildirilib ki, vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə etdiyi uğurlarda da xüsusi rolu və əməyi var. Belə ki, gənclərimiz tibb sahəsində, elm və təhsildə, idmanda, innovasiyaların və müasir texnologiyaların tətbiqi işində böyük uğurlara nail olublar. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində son illərdə dövlət idarəçiliyində və digər sahələrdə gənc kadrların irəli çəkilməsi təqdirəlayiq haldır.
Tədbirdə şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.