ELM VƏ TƏHSİL
“Azərbaycanda YT Parkın istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi ilə bağlı onlayn tədbir
Bakı, 31 mart, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında 2022-2024-cü illərdə həyata keçiriləcək “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi ilə bağlı ikinci onlayn tədbir keçirilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, bilik laboratoriyası (Knowledge Lab) formatında keçirilən görüşdə Azərbaycan tərəfindən yerli ekspertlər və benefisiar qrupun üzvləri, Koreya tərəfindən isə layihə menecerləri, koordinatorlar, məsləhətçilər iştirak edib. Tədbirdə əqli mülkiyyət və texnologiyaların kommersiyalaşdırılması üzrə tanınmış ekspert, Koreya Respublikası Prezidenti yanında Elm və Texnologiya üzrə Məşvərət Şurasının üzvü, STEPI-nin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Soo J. Sohn “Koreyanın texnologiyaların kommersiyalaşdırılması sistemi” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi Koreyanın texnologiyaların kommersiyalaşdırılmasının tarixi, idarə edilməsi, metodologiyası, qanunvericiliyi, bu sahədə əldə edilən uğurlar və Azərbaycan üçün tövsiyələrini səsləndirib. O, Koreya dövləti tərəfindən 2000-ci ildən texnologiyaların kommersiyalaşdırılması mühitinin formalaşdırılmasına böyük diqqət ayrıldığını vurğulayıb.
Bildirilib ki, Cənubi Koreyanın daimi innovasiya səyləri və bununla bağlı təcrübəsi, eləcə də texnologiyanın kommersiyalaşdırılmasındakı uğurlar ölkəni qısa müddət ərzində innovativ dövlətlər sırasına çıxarıb. Həmçinin hüquqi əsasın texnologiyaların kommersiyalaşdırılmasının təşviqi üçün zəmin yaratdığı layihənin benefisiar qrupunun üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra məruzəyə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat, Təhsil, Kənd Təsərrüfatı nazirliklərinin, Əqli Mülkiyyət Agentliyinin, İqtisad, Bakı Mühəndislik və Texniki universitetlərin, habelə özəl sektorun nümayəndələri iştirak ediblər.