İQTİSADİYYAT
Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı problem həllini tapıb
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılan kənd təsərrüfatı məhsullarının Dağıstanın Dərbənd şəhərinin dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problem aradan qaldırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov və nazirliyin əməkdaşları, eləcə də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Dağıstan Respublikasında işgüzar səfərdə olublar.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış problemlər müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirib.
Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqondan 120-sindən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiya Federasiyasının müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması mütəmadi olaraq davam etdirilir.