SİYASƏT
“Azərbaycanı talayan Çar imperiyasının generalları...” kitabında xalqımızın başına gətirilmiş müsibətlər tarixi faktlar əsasında oxuculara çatdırılır
Bakı, 13 mart (AZƏRTAC). “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxmış “Azərbaycanı talayan Çar imperiyasının generalları...” kitabında zaman-zaman xalqımızın başına gətirilmiş müsibətlər tarixi faktlar əsasında oxuculara təqdim olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Firudin Nurullabəyli - Əsədovun müəllif olduğu 184 səhifəlik bu kitabın rəyçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərovdur.
Nəşrin redaktoru Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurovdur.
Kitabda Qafqazın, o cümlədən Azərbaycanın işğalında saya gəlməyən çar generallarının, erməni keşişlərinin və tacirlərinin “mühüm xidmətlər”dən geniş şəkildə bəhs olunmuşdur.
Müəllif tərəfindən yenidən işləmiş bu nəşrdə çarizmə xidmət edən erməni zabitlərinin əsl işğalçı əməlləri önə çəkilmişdir.
Tarixi faktlar əsasında hazırlanan və çar Rusiyası generallarının mənfur fəaliyyətindən bəhs edən bu kitab Vətənimizin tarixini dərindən öyrənmək, xalqımıza qarşı baş verənləri gələcək nəsillərə çatdırmaq baxımından olduqca vacib bir missiyanı yerinə yetirmişdir.