SİYASƏT
AZƏRBAYCANI XOŞBƏXT GƏLƏCƏYƏ MƏHZ HEYDƏR ƏLİYEV QOVUŞDURACAQDIR
ABŞERON RAYONUNUN MEHDİABAD QƏSƏBƏSİNDƏ 50 FƏRDİ EVDƏN İBARƏT ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİ ŞƏHƏRCİYİ SAKİNLƏRİNİN AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏTİNDƏ BELƏ DEYİLİR
Möhtərəm Prezidentimiz!
Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyində çıxış edərkən Zati-alinizin səhhətində yaranmış ötəri narahatlıqla bağlı bəzi müxalifət qəzetlərində dərc edilən çirkin niyyətli, ölkədə qarışıqlıq yaratmaq kimi iyrənc məqsədlərə xidmət edən yazılar respublikamızın bütün ictimaiyyətində, o cümlədən bizdə dərin qəzəb və hiddət hissi oyatmışdır. Özlərini müxalifət adlandıran, əslində isə daim düşmən dəyirmanına su tökməklə məşğul olan mənəviyyatsızların bu əməllərini milli mənəviyyatımıza, dövlətçiliyimizə zidd əməllər kimi lənətləyir və onlara kəskin etirazımızı bildiririk.
Ölkəmizin rəhbərinin, Ali Baş Komandanın ünvanına hədyanlar, yalan və iftiralar yazmaq, qəzet səhifələrində əxlaq və mənəviyyatdan kənar ibarələr söyləmək əslində bütün Azərbaycan xalqına ən böyük hörmətsizlikdir.
Cənab Prezident!
Heç kimə sirr deyildir ki, Azərbaycan Respublikası 1993-cü ildə rəhbərliyə Sizin tarixi qayıdışınızdan sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuşdur. Məhz Sizin şəxsi əməyiniz və iradəniz, siyasi müdrikliyiniz sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik yaradılmış, siyasi, iqtisadi, sosial islahatlara başlanılmış və cəmiyyətimiz inkişaf və tərəqqi əldə etmişdir. Respublikamızı ictimai həyatın bütün sahələrində inkişaf yoluna çıxarmaq üçün göstərdiyiniz misilsiz xidmətlər yalnız ölkəmizin əhalisinin deyil, bütün dünya azərbaycanlılarının həyatında ciddi rol oynamışdır.
Biz müstəqil dövlətimizin inkişafı və tərəqqisi, respublikamızın ərazi bütövlüyünün təmin olunması, sosial-iqtisadi çətinliklərin aradan qaldırılması, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması naminə daim Sizin ətrafınızda sıx birləşərək mübarizə aparacağıq.
Möhtərəm Prezidentimiz!
Respublikamızın əhalisinə, xüsusən də aztəminatlı təbəqələrə, əlil və şəhid ailələrinə Sizin şəxsi qayğıkeşliyinizin nəticəsi olaraq, son illərdə bu qəbildən olan insanların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və səmərəli dövlət tədbirləri həyata keçirilir. Ölkəmizin ictimaiyyətinin layiqincə dəyərləndirdiyi bu tədbirlər xalqımızın və onun bir hissəsi olan əlil insanların dövlətimizə, onun müdrik rəhbərinə inamını daha da artırır.
Əziz Prezidentimiz!
Biz əlillər məhz belə bir sonsuz inam hissi ilə bu il keçiriləcək növbəti prezident seçkilərinə qatılacaq, seçkilərdə fəal iştirak edəcək və Azərbaycanımızın müdrik rəhbəri, sevimli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əlirza oğlu Əliyevin namizədliyini dəstəkləyəcəyik. Çünki biz qəti əminik ki, Azərbaycanın xoşbəxt və firavan gələcəyi yalnız Sizin rəhbərliyinizlə mümkün olacaqdır. Sizə Tanrıdan möhkəm cansağlığı, uzun ömür, ölkəmizin inkişaf və tərəqqisi naminə misilsiz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Zati-alinizə dərin hörmət və ehtiramla,
Abşeron rayonunun Mehdiabad
qəsəbəsində əlil və şəhid ailələri üçün
inşa olunmuş 50 fərdi evdən ibarət
şəhərciyin sakinləri:
İ.Həmzəyev – II qrup əlil
Cabbar Cabbarov – I qrup əlil
Yaqub Musayev – I qrup əlil
Elçin Cabbarov – II qrup əlil
Natiq Abdullayev – II qrup əlil
Etibar Atakişiyev – II qrup əlil
Əntiqə Şıxəliyeva – şəhid ailəsi
Adıgözəl Quliyev – II qrup əlil
Esmira İbadova – şəhid ailəsi
Müşviq Quliyev – II qrup əlil
Ramiz Məmmədov – II qrup əlil və başqaları
Cəmi 26 imza