MƏDƏNİYYƏT
“Azərbaycanım” uşaq rəsm festivalı çərçivəsində növbəti plener
Bakı, 6 iyun, AZƏRTAC
Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 9-da “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin uşaqları ilə Xətai Sənət Mərkəzinin qarşısında plener keçiriləcək.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində reallaşacaq plener uşaqların yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan təbiətinin təsviri sənət müstəvisində tərənnümü məqsədilə keçiriləcək.
"Azərbaycanım" V Respublika Uşaq Rəsm Festivalı "Şuşa İli” çərçivəsində reallaşır.