İDMAN
Azərbaycanın "Baku Fires" boks komandası Qazaxıstanın “Astana Arlans” kollektivini böyük hesabla məğlub etmişdir
Quba, 18 yanvar (AZƏRTAC). Azərbaycanın "Baku Fires" boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında növbəti ev qarşılaşmasını inamlı qələbə ilə başa vurmuşdur.
AZƏRTAC xəbər verir ki, komandamız Quba Olimpiya Kompleksində böyük azarkeş dəstəyi ilə keçirdiyi qarşılaşmada liqanın son qalibi olmuş Qazaxıstanın “Astana Arlans” kollektivini 4:1 hesabı ilə məğlub etmişdir.
İlk döyüşdə komandamızın üzvü, Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadə (52 kq) Asiya oyunlarının finalçısı, London Olimpiadasının iştirakçısı İlyas Süleymanova qalib gəlmişdir.
Ardınca 60 kq çəki dərəcəsində təmsilçimiz, dünya və Avropa çempionu Albert Səlimov WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenova heç bir şans verməmişdir.
Üçüncü döyüşdə də "Baku Fires"in üzvü qalib gəlmişdir. Komandamızın üzvü Yevgeni Romaşkeviç (69 kq) gərgin keçən qarşılaşmada Meirim Nursultanovu məğlub etmişdir.
Lakin 81 kq çəki dərəcəsində yarışan boksçumuz Samir Məmmədov qələbə seriyasını davam etdirə bilməmiş, “Astana Arlans” klubunun iranlı legioneri Ehsan Rouzbahaniyə uduzmuşdur.
Son döyüşdə super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Hacı Murtuzəliyev təcrübəli rəqibi Ruslan Mırsatayevi məğlub etmişdir.
Beləliklə, "Baku Fires" boks komandası Qazaxıstanın “Astana Arlans” kollektivinə 4:1 hesabı ilə qalib gələrək azərbaycanlı boks həvəskarlarını sevindirmişdir.