SİYASƏT
AZƏRBAYCANIN AFR-DƏKİ SƏFİRLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Berlin, 12 dekabr (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov Azərbaycan dövlətçiliyinin təşəkkülündə, gənc respublikanın müstəqilliyinin və təhlükəsizliyinin möhkəmlənməsində, iqtisadi inkişafında, bərabərhüquqlu və sosial baxımdan müdafiə olunmuş vətəndaşların dövlətinə çevrilməsində Heydər Əliyevin əvəzsiz rolu barədə məlumat vermişdir.
Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəddin Kaya türk xalqları arasında qardaşlıq tellərinin möhkəmlənməsində Heydər Əliyevin tarixi rolunu, istər Avropada, istərsə də dünyanın başqa qitələrində Azərbaycan diasporunun inkişafını hərtərəfli dəstəkləməsini qeyd etmişdir.
Tədbirdə Azərbaycan və türk diasporlarının görkəmli nümayəndələri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və aspirantlar, müxtəlif ölkələrdən olan diplomatlar, qonaqlar çıxış etmişlər.
Tədbirin sonunda iştirakçılara ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin