CƏMİYYƏT
Azərbaycanın ailə, qadın və uşaq siyasəti barədə Küveyt və İndoneziya nümayəndə heyətlərinə məlumat verilib
İstanbul, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İstanbulda “Ailənin gücləndirilməsi!” şüarı altında keçirilən III Beynəlxalq Qadın və Ədalət Sammiti çərçivəsində Küveytin və İndoneziyanın nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Küveytin əmək və sosial işlər naziri Hind Sabah Barak əl-Sabah ilə görüşdə qadınların əmək hüquqlarının qorunması və ailə məsələlərinə dair əməkdaşlığın genişləndirilməsi barədə səmərəli fikir mübadiləsi aparılıb.
Komitə sədri Hicran Hüseynova Azərbaycanın ailə, qadın və uşaq siyasəti, o cümlədən bu sahədə formalaşdırılan mükəmməl qanunvericilik bazası, gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlər, xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də İslam ölkələri ilə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdirilməsinin acı nəticələri barədə ətraflı məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, Azərbaycan mövcud hərbi təcavüzün aradan qaldırılmasında bütün müsəlman ölkələrinin, həmçinin Küveyt Dövlətinin dəstəyinə əhəmiyyət verir.
Ölkəsinin sosial işlər və əmək sahəsində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verən küveytli nazir Azərbaycan ilə əməkdaşlığın önəmini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İndoneziyanın qadınların gücləndirilməsi və uşaqların müdafiəsi naziri Yohona Susana Yembise ilə görüşündə ölkələrimiz arasında qadın, ailə və uşaq məsələlərinə dair əməkdaşlığın perspektivləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, hər iki ölkə bu sahədə bir-birinə yaxın və sağlam mövqe nümayiş etdirir. Həmçinin bu sahədə ikitərəfli münasibətlərin inkişaf imkanlarından səmərəli istifadə edilməsinin və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
Hicran Hüseynova bildirib ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətdə ailə, qadın, uşaq problemlərinin həlli prioritet istiqamətlərdən biridir.
İndoneziyalı nazir Azərbaycanda reallaşdırılan qadın siyasətini, habelə ailə və uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni yüksək qiymətləndirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul