SİYASƏT
AZƏRBAYCANIN AKTAUDAKI BAŞ KONSULLUĞUNDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
Aktau, 27 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu buradakı “Dostluq” Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı mərasim keçirmişlər.
Tədbirdə diasporumuzun üzvləri, Aktauda fəaliyyət göstərən 20-dən artıq milli mədəniyyət mərkəzinin rəhbərləri, yerli hakimiyyətin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Aktaudakı baş konsulu vəzifəsini icra edən Rəşad Məmmədov Xocalı faciəsinin baş vermə səbəbləri barədə danışmış, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlər haqqında məlumat vermişdir.
Aktaudakı “Dostluq” Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev Xocalı faciəsini əsrin ən böyük faciələri olan Xatın və Sonqmi soyqırımları ilə müqayisə etmişdir.
Mərasimdə Xocalı faciəsi haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitab və bröşürlər paylanmış, iştirakçılar faciə ilə əlaqədar çəkilmiş filmə və bu haqda fotosərgiyə baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau