İQTİSADİYYAT
Azərbaycanın Almaniyadakı fəxri konsulluğunun nümayəndələri təlim, tədris və sertifikatlaşdırma idarəsində olmuşlar
Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim, tədris və sertifikatlaşdırma idarəsində Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və onu müşayiət edən peşə təhsili ekspertləri ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə idarənin rəisi Fuad Süleymanov ARDNŞ-də həyata keçirilən kadr hazırlığı proqramlarından, təlim-tədris və sertifikatlaşdırma işlərindən danışmışdır. F.Süleymanov müəssisə və təşkilatların təlim ehtiyaclarının ödənilməsi istiqamətində Almaniyanın peşə təhsili sistemində tətbiq olunan innovativ metod və proqramların əhəmiyyətini vurğulamışdır.
Görüşdə idarənin Qobustan Regional Təlim Mərkəzində bp şirkəti ilə əməkdaşlıq çərçivəsində xarici ölkələrin aparıcı təlim və peşə təhsili qurumlarının metodikası əsasında texniklərin hazırlanmasının aktuallığına toxunulmuşdur.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer konsulluğun Azərbaycanda peşə təhsilinin inkişafı üçün nazirliklərlə intensiv şəkildə əməkdaşlıq etdiyini, təlim, tədris və sertifikatlaşdırma idarəsi ilə birlikdə yeni peşə təhsili layihələrinin reallaşdırılmasına ümidvar olduğunu bildirmişdir. O, həmçinin Almaniyanın qabaqcıl peşə müəssisələrinin təcrübəsindən və metodikasından faydalanmaq üçün idarənin aparıcı müəllim-təlimatçı heyətinin Almaniyada “təlimçiyə təlim keçirilməsi kurslarında iştirakını tövsiyə etmiş və bu sahədə konsulluğun dəstək göstərə biləcəyini diqqətə çatdırmışdır.
Sonda Otto Hauzer ARDNŞ-in mühəndisləri üçün kadr hazırlığı və təkmilləşdirmə kurslarının keçirilməsində potensial tərəfdaş qismində peşə təhsili ekspertləri Hans-Peter Buggermann və Roland Jörq Plehnin rolunu vurğulamışdır.
Sonra qonaqlar Qobustan Regional Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.