SİYASƏT
Azərbaycanın Baş naziri Qazaxıstan tərəfini ortaq layihələrdə iştiraka dəvət etmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). Yanvarın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qazaxıstan Respublikasının Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir Artur Rasizadə Azərbaycan ilə Qazaxıstanın qarşılıqlı əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulamışdır. İqtisadi-siyasi sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət, turizm, informasiya və digər sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyi qeyd olunmuşdur. Münasibətlərimizin coğrafiyasının genişlənməsi baxımından yaxşı potensialın olduğunu deyən Artur Rasizadə Qazaxıstan tərəfini ortaq layihələrdə iştiraka dəvət etmişdir.
Qazaxıstan Respublikasının Baş nazirinin müavini Krımbek Kuşerbayev Azərbaycanda olmağından məmnunluq duyduğunu, əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və kənd təsərrüfatı nazir İsmət Abasov iştirak etmişlər.