SİYASƏT
Azərbaycanın bir qrup media təmsilçisi Türkiyədə müxtəlif görüşlər keçirmişdir
Bakı, 22 noyabr (AZƏRTAC). Azərbaycanın bir qrup media təmsilçisi Türkiyəyə səfəri çərçivəsində müxtəlif görüşlər keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə İstanbul şəhərində fəaliyyət göstərən beynəlxalq statuslu “Dialoq Avrasiya Platformu” təşkilatının (DAP) ofisində olmuşdur.
KİVDF-dən AZƏRTAC-a bildirmişlər ki, DAP-ın baş katibi İsmayıl Tas nümayəndə heyətinə təşkilatın fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir. İ.Tas Azərbaycanda geniş layihələr həyata keçirdiklərini və Bakıda nümayəndəliklərini açdıqlarını söyləmişdir. O, Azərbaycan mediasının DAP ilə əməkdaşlığından razılığını bildirmişdir.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycan mediasının vəziyyəti barədə DAP-ın rəhbərliyinə ətraflı məlumat vermişdir. O, KİVDF-nin DAP ilə əlaqələrinin inkişaf etdirilməsinin diqqətdə saxlanılacağını vurğulamışdır.
“Qəzetçilər və Yazarlar” Fondunda keçirilən görüşdə “Sabah” və “Milliyyət” qəzetlərinin nümayəndələri Yavuz Baydan və Belma Akçura Türkiyə mediasının vəziyyəti barədə məruzələrlə çıxış etmişlər. Qonaqlara ayrı-ayrı redaksiyalarda yaradılan ombudsman təsisatı barədə də məlumat verilmişdir.
“Fəza” media qrupuna daxil olan “Cihan” xəbər agentliyində keçirilən görüşdə isə baş direktor Əbdülhəmid Bilici Azərbaycanın media təmsilçilərini agentliyin fəaliyyəti barədə məlumatlandırmışdır. Nümayəndə heyətinin üzvləri agentlikdə istifadə edilən yeni texnologiyalarla da tanış olmuşlar.
Nümayəndə heyəti “Kanal D” televiziya kanalının redaksiyasında da olmuşdur. Kanalın xarici xəbərlər xidmətinin redaktoru Ayşəgül Yıldırım qonaqlara təmsil etdiyi televiziyanın xəbər siyasəti barədə məlumat vermişdir. O, “Kanal D”nin Azərbaycanla bağlı xəbər seçimi barədə nümayəndə heyətinin suallarını cavablandırmışdır.
Səfər noyabrın 25-də başa çatacaqdır.