İDMAN
Azərbaycanın birinci Avropa Oyunlarında 16-cı qızıl medalı!
Bu medalı komandamıza gənc boksçu Elvin Məmişzadə qazandırdı VİDEO
Bakı, 26 iyun, Samirə Allahverdiyeva, Abbasəli Yadigarov, AZƏRTAC
İyunun 26-da Azərbaycan milli komandası birinci Avropa Oyunlarında 16-cı qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın gənc boksçusu, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda italiyalı Vincenzo Pikardini 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medallara slovakiyalı Vilyam Tanko və almaniyalı Hamza Touba layiq görülüblər.
Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medalları idmançılara təqdim edib.
Çempionun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
Elvin Məmişzadə birinci Avropa Oyunlarında qələbəyə gedən yoldakı bütün rəqiblərinə qalib gəlib. O, səkkizdəbir finalda irlandiyalı Mayles Keysini 3:0, dörddəbir finalda Bolqarıstan idmançısı Daniel Asenovu 2:1, yarımfinalda isə almaniyalı Hamza Toubanı 3:0 hesabı ilə məğlub edib.
AZƏRTAC-ın arayışı: Azərbaycanın ən güclü boksçularından olan 23 yaşlı Elvin Məmişzadə idman karyerasına 1999-cu ildən başlayıb. O, 2007-ci ildə yeniyetmələr arasında Avropa çempionu olub. İki il sonra isə gənclər arasında Avropa çempionu adına layiq görülüb. 2010-cu ildə Avropa kuboku yarışlarında və qitə çempionatında gümüş medallarla kifayətlənməli olub. London Yay Olimpiya Oyunlarının iştirakçısı olan Elvin Məmişzadə 2013-cü ildə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirinin qalibi və Minskdə keçirilən Avropa çempionatının mükafatçısı olub.
“Gilan” idman klubunun üzvü olan boksçumuzun şəxsi məşqçisi Elbrus Rzayevdir.