CƏMİYYƏT
Azərbaycanın BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etməsinin 20-ci ildönümü ərəfəsində növbəti müzakirələr keçirilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Azərbaycan Hökuməti tərəfindən 1992-ci ildə ratifikasiya olunmuşdur. Bu il Konvensiyasının ratifikasiya olunmasının 20-ci ildönümüdür.
AZƏRTAC xəbər verir ki, 20 noyabr - Ümumdünya Uşaq Günü və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının ratifikasiya olunmasının ildönümü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən noyabrın 17-də Bakı şəhərinin rayonlarını təmsil edən 7-10-cu sinif şagirdlərinin iştirakı ilə növbəti tədbir keçirilmişdir.
Ölkədə uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradıldığını deyən AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirmişdir ki, uşaq siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.
Ötən il Bakıda keçirilən Azərbaycan uşaqlarının ümumrespublika forumunun əhəmiyyətini qeyd edən A.Sofiyeva tədbirdə iştirak edən nümayəndələr tərəfindən qəbul olunmuş bəyannamədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq yerlərdə uşaqlarla görüşlər təşkil edildiyini və müzakirələr aparıldığını diqqətə çatdırmışdır. A.Sofiyeva uşaqların cəmiyyətin ictimai həyatında fəal iştirakının təmin edilməsində təşkilatlanmanın mühüm rolundan danışmışdır.
Uşaqların hüququnun təmin edilməsi məqsədilə keçirilən tədbirdə müvafiq sahədə çalışan ekspertlərin iştirakı ilə uşaqlara hüquqlarının müdafiəsi istiqamətində öz problemlərini, onları narahat edən məsələləri qaldırmaq, müvafiq təşəbbüslə çıxış etmək imkanları müzakirə olunmuşdur.