CƏMİYYƏT
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada təşkil olunan xeyriyyə gecəsində iştirak edib
Sofiya, 4 noyabr, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi bu ölkənin aparıcı qeyri-hökumət təşkilatlarından olan “Uşaqlarımız üçün” Fondunun təşkil etdiyi xeyriyyə gecəsində iştirak edib. Sayca yeddinci olan bu xeyriyyə gecəsinin məqsədi Sofiya və regionlarda tərk edilmiş uşaqların dəstəklənməsidir. Tədbirdən əldə olunan vəsait “Müqəddəs Sofiya” sosial institutunun tərk edilmiş uşaqları üçün müasir sosial və tibbi xidmətlər kompleksinin tikilməsinə sərf olunacaq.
1992-ci ildən etibarən Bolqarıstanda fəaliyyət göstərən Fond bu ölkədə övladlığa götürülmə sahəsində ixtisaslaşan ilk təşkilatdır. Təşkilatın məqsədi təhlükədə olan körpələr, uşaqlar və gənclərə dəstəyin göstərilməsidir. Bu məqsədlə Fond ailələr, övladlığa götürmüş şəxslər və səhiyyə mütəxəssisləri ilə sıx iş aparır.
Təşkilatın Məşvərət və Qəyyumlar Şurasında Bolqarıstanın tanınmış simaları – jurnalistlər, iş adamları və musiqiçilər yer alıb.
Fondun ən böyük tədbiri olan xeyriyyə gecəsi Bolqarıstanın biznes və mədəni elitasını, diplomatik korpusu bir araya gətirərək təşkilatın fəaliyyətinin dəstəklənməsinə yönəlib.
Gecə ənənəvi olaraq bədii hissə və xeyriyyə hərracından ibarət olur. Hərracda nümayiş olunan əşyalar Bolqarıstanın tanınmış simaları, müxtəlif şirkət sahibləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklər tərəfindən ianə edilir. Qeyd edək ki, bu il hərracda Bolqarıstan Prezidenti Rosen Plevneliyev tərəfindən ianə edilən rəsm əsəri də nümayiş olunub.
Tədbirdə iştirak edən diplomatik nümayəndəliklərdən töhfə olaraq hərraca ölkələrinin mədəniyyəti, tarixi və ya mətbəxini nümayiş etdirən əşyalar ianə etmək və ya səfirlikdə ziyafət təşkil etmək xahiş olunub. Hərracda Azərbaycan, Böyük Britaniya, Misir, Braziliya, Kipr, Vyetnam, İndoneziya, Fransa, İngiltərə, Rusiya, Danimarka, Bosniya və Herseqovina, Almaniya, İsrail, Niderlandın Bolqarıstandakı səfirlikləri iştirak ediblər.
Hərracda Azərbaycanın Bolqarıstandakı səfirliyinin ziyafət təşkil etmək təklifi maraqla qarşılanıb. Bu kateqoriyadan olan təkliflər arasında səfirlik ikinci yeri, hərracda ilk dəfə iştirak edən səfirliklər arasında isə birinci yeri tutub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya