CƏMİYYƏT
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada təntənə ilə qeyd olunub VİDEO
Ankara, 5 oktyabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyi tərəfindən reallaşan tədbir Gökyay İdman və Mədəniyyət Vəqfinin (GİMV) Şahmat Muzeyində təşkil olunub.
Tədbirdə Türkiyənin deputatları, diplomatlar, Azərbaycanı qardaş ölkədə müxtəlif sahələrdə təmsil edən vətəndaşlarımız iştirak ediblər.
Əvvəlcə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Gökyay İdman və Mədəniyyət Vəqfinin sədri Akın Gökyay və Ankara Mədəniyyət və Turizm İdarəsi rəisinin vəkili Kamil Özər çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin kompleks inkişafına müstəsna təsirindən bəhs edən səfiri Xəzər İbrahim bildirib ki, dövlət müstəqilliyimizin bərpasından günümüzədək hər zaman qardaş ölkədən gördüyümüz diqqət və qayğı bütün dünya üçün örnəkdir.
Təcavüzkar Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi işğalçılıq siyasətini kəskin şəkildə tənqid edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib: “Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əzmlə qorudu. İftixar edirik ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Əminik ki, bu siyasət Azərbaycanın müstəqilliyini əbədiyyətə qədər qoruyacaq”.
Azərbaycanın tarixi və müasir inkişafı barədə fikir və mülahizələrini duyğusal ifadələrlə çatdıran GİMV-in sədri Akın Gökyay bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi həmişə olduğu kimi bundan sonra da Türkiyədə milli sərvət kimi dəyərləndiriləcək.
Azərbaycanın Müstəqillik Gününün Gökyay İdman və Mədəniyyət Vəqfində qeyd olunmasının rəmzi məna daşıdığını ifadə edən Ankara Mədəniyyət və Turizm İdarəsi rəisinin vəkili Kamil Özər diqqətə çatdırıb ki, o, hər zaman ölkəmizdə aid tədbir təşkil etməkdən və iştirakçı olmaqdan qürur duyub.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixlərə şərəf gətirən irs kimi dəyərləndirilib. Qeyd olunub ki, müstəqilliyimizin bərpası və hərtərəfli inkişafı Türkiyənin gücünə əlavə güc gətirib.
Sonra səfirliyimiz tərəfindən Bakıda xüsusi dizaynla düzəldilmiş şahmat taxtası muzeyə hədiyyə olunub.
Əməkdar artist, dirijor və bəstəkar Turan Manafzadənin pianoda səsləndirdiyi ifalar iştirakçıların bayram ovqatını yüksəldib.
Sonra şahmat turniri olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara