SİYASƏT
Azərbaycanın əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə borcluyuq
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Fəxri xiyabana ziyarətə gələnlər dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə ona minnətdarlıq etməyi unutmur, dahi şəxsiyyət haqqında xatirələrini, təəssüratlarını bölüşürdülər.
“Azəraqroinvest” MMC-nin əlaqələndiricisi Arif Quliyev AZƏRTAC-a bildirmişdir ki, biz bu gün ulu öndər Heydər Əliyevi yad etmək üçün kollektivimizlə birlikdə Fəxri xiyabana gəlmişik. Ümummilli liderin gördüyü işlər göz önündədir. Ölkəmizin bugünkü tərəqqisi, bütün sahələrdə qazanılan hər bir nailiyyət onun adı ilə bağlıdır. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir, ümummilli liderin ideyalarını dönmədən həyata keçirir.
A.Quliyev vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı sayəsində müstəqil dövlətimizin təməli möhkəmlənmiş, müstəqilliyimiz qorunub saxlanmış, bu böyük dühanın şah əsəri olan müasir Azərbaycan yaranmışdır.
Azərbaycanın əldə etdiyi bütün uğurlara görə hər birimiz ümummilli liderə borcluyuq. Bu gün Fəxri xiyabanda gördüyünüz bu izdiham əvəzsiz şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir.