MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar Rəssamı Avropa Təbiət Elmləri Akademiyasının akademiki adına layiq görülüb
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Rəssamlar Assosiasiyasının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının fəxri üzvü, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi Sakit Məmmədov “Euromedika-Hannover 2014” XIII Beynəlxalq tibb konqresində dünya mədəniyyətinə və təsviri sənətə töhfəsinə görə Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki adına layiq görülüb. O, bu fəxri ada layiq görülən ilk azərbaycanlı rəssamdır.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Təhsil İdarəsinin multimedia şöbəsinin rəisi Solmaz Amanova məlumat vermişdir. Sakit Məmmədov ATEA-nın akademiki, uşaq yazıçısı S.Amanovanın ədəbi əsərlərinin anatomik terminologiyası mövzusunda şəkillər çəkən ilk rəssamdır. “Bakının qulaqları”, “Azıx mağarası”, “Nereida hippokampda”, “İncidilmiş mələk - ölümdən sonra həyat”, “Şopenin qızıl ürəyi haqqında əfsanə”, “Göz-qüllə”, “Yevstax borusu”, “Xirtdək”, “İbn Sina və inək” və s. rəssamın bu qəbildən əsərləridir.
S.Məmmədov Leonardо da Vinçi Orden medalı, habelə “Avropanın şərəfi” ordeni ilə təltif edilib. Leonardo da Vinçi Orden medalı İntibah dövrünün dühası Leonardo da Vinçinin 550 illiyi şərəfinə BMT nəzdində Avropa Mükafatlar Komitəsi tərəfindən təsis edilib. Fəxri mükafatı dünya birliyi, öz Vətəni və hökumətlərarası təşkilatlar qarşısında xüsusi xidmətlərə, rəngkarlıq, heykəltəraşlıq, ədəbiyyat, habelə mədəniyyət və incəsənətin digər sahələrində sanballı əsərlərin yaradılmasına görə təqdim edilir.