İDMAN
Azərbaycanın görkəmli qrossmeysteri Vüqar Həşimovun doğum gününə həsr edilən beynəlxalq turnirdə beş şahmatçı liderlik edir
Bakı, 29 iyul, AZƏRTAC
Bakıdakı 6 nömrəli məktəb-liseydə Azərbaycanın görkəmli qrossmeysteri, Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi Vüqar Həşimovun doğum gününə həsr edilən 2-ci beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, beş turdan sonra beynəlxalq turnirdə 5 şahmatçı irəlidədir. Azərbaycan təmsilçiləri ustalığa namizəd Əhməd Əhmədzadə, Ləman Hacıyeva, Fərid Mustafayev, Məhəmməd İsmayılov və Gürcüstandan FIDE ustası Nikolozi Kaçarava hərəyə 4,5 xal toplayıblar.
8-10-12 yaşlı uşaqlar arasında keçirilən turnirdə 110 şahmatçı mübarizə aparır. Onların arasında dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar vardır.
Beynəlxalq turnirdə Vüqar Həşimov adına medal uğrunda Azərbaycan şahmatçıları ilə yanaşı Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri də mübarizə aparırlar.
Turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı, Azərbaycan şahmatçısı Məhəmməd Muradlıdır (2052).
Beynəlxalq turnirin baş hakimi FIDE hakimi Cavanşir Bağırovdur.
Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı və gümüş medalın sahibi “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında pulsuz mehmanxana ilə təmin olunacaqlar. Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılacaq.