RƏSMİ XRONİKA
AZƏRBAYCANIN HƏRTƏRƏFLİ İNKİŞAFI BÖLGƏLƏRİN İNKİŞAFINDAN ASILIDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ
QAX RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də, günün ikinci yarısında Qax rayonuna gəlmişdir.
Ulu öndərin və dövlətimizin başçısının portretləri, transparantlarla küçələrə çıxan Qax sakinləri Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı böyük səmimiyyətlə və hərarətlə, gül-çiçəklə qarşıladılar.
Dövlətimizin başçısı və ailə üzvləri ulu öndər Heydər Əliyevin Qax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoydular.
Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Prezident İlham Əliyev görüşdə nitq söylədi.