ELM VƏ TƏHSİL
Azərbaycanın ictimai həyatında, maarifçilik tarixində qadınların böyük rolu olub
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində “Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən təşkil olunan tədbirdə muzeyin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov XIX-XX əsrin əvvəllərində Azərbaycanın ictimai həyatında, maarifçilik tarixində qadınların rolu, onların əsərləri, nəşr edilən qəzet və jurnallar haqqında ətraflı məlumat verib. Alim, eyni zamanda, həmin dövrdə əl-Bakuvi, Molla Ruhulla, müfti Qayıbov kimi mütərəqqi din xadimlərinin maarifçilik sahəsində xidmətlərini diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin dosenti Azər Cəfərovun “Zərrintac Tahirə xanım: ədəbi və ictimai fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi XIX əsr şairəsi Zərrintac Tahirənin anadan olmasının 200 illiyi münasibətilə onun həyat və fəaliyyətindən bəhs edib.
Seminarda, həmçinin Azərbaycanda və Krım nümunəsində çar Rusiyasında müsəlman qadınların maarifçi fəaliyyəti, qadın azadlığı hərəkatı o dövrdə nəşr edilən qəzet və jurnallar, əsərlər əsasında təqdim olunub.