İQTİSADİYYAT
Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytının istifadəçilərinin sayı 14 minə yaxındır
Bakı, 15 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.
Sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi, mal və xidmətlərin elektron qaydada alğı-satqısının təşkili məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən elektron ticarət portalı - www.b2b.az yaradılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə yaradılmış portalın məqsədi yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrinin qurulmasına dəstək göstərməkdir. İndiyədək portalın xidmətindən, ümumilikdə 14 minə yaxın istifadəçi yararlanmışdır.
Portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Yunanıstan, Koreya Respublikası, Danimarka, Macarıstan, Niderland və s. ölkələrdən olan istifadəçilər də vardır. 2012-ci ildə portala qida sənayesi, inşaat, logistika, İKT, təhsil, ticarət, sənaye və xidmət sektorlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən bir sıra ticarət təklifləri yerləşdirilmişdir.
Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytı “business to business” modeli əsasında qurulmuşdur. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir.