İQTİSADİYYAT
Azərbaycanın ilk logistik mərkəzi ixracatçılara bir sıra imkanlar və üstünlüklər verir
Bakı, 1 iyul, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində yaradılmış Azərbaycanın ilk logistik mərkəzi sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər verir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iyulun 1-də Bakıda keçirilmiş İxracatçılar Klubunun iclasında səsləndirilib.
AZPROMO-nun prezidenti Rüfət Məmmədov iqtisadiyyatın şaxələnməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı rol oynadığını qeyd edib. Bildirib ki, ixracın təşviqi istiqamətində həyata keçirilən bu kimi tədbirlər sahibkarlığın inkişafında, ixrac qabiliyyətli məhsul istehsalının artırılmasında və beynəlxalq bazara çıxarılmasında mühüm xarakter daşıyır.
Fondun vitse-prezidenti Yusif Abdullayev ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Qazaxıstanın Aktau şəhərində yaradılmış Azərbaycanın ilk logistik mərkəzinin əhəmiyyətindən danışıb, kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəzin sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər verdiyini diqqətə çatdırıb.
İclas çərçivəsində ixrac prosedurları ilə bağlı sahibkarlara maraqlı olan məsələlər müzakirə edilib, AZPROMO-nun bu istiqamətdə göstərdiyi xidmətlər haqqında məlumat verilib və iş adamlarının sualları cavablandırılıb.
Tədbirdə 30-a yaxın şirkətin nümayəndəsi iştirak edib.