SİYASƏT
AZƏRBAYCANIN İQTİSADİYYATI DÜZGÜN SİYASƏTİN, DÜŞÜNÜLMÜŞ İQTİSADİ İSLAHATLARIN HESABINA İNKİŞAF EDİR
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda Olimpiya-İdman Kompleksinin açılışı mərasimində demişdir: “Azərbaycanın ümumi iqtisadi inkişafı son 5-6 il ərzində dünyada ən yüksək templərlə artmışdır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir, ancaq bir sahədən asılı deyil, energetika sahəsindən asılı deyildir”.
Regionların sürətli iqtisadi inkişafından, sosial məsələlərin həllindən bəhs edən dövlətimizin başçısı xüsusi qeyd etmişdir ki, Azərbaycanın rayonlarında müasir infrastruktur yaradılır, özəl sektorun inkişafı üçün də şərait yaradılır, dəstək verilir, o cümlədən də maliyyə dəstəyi, kreditləşmə, sahibkarlığın inkişafı, kənd təsərrüfatına dövlət tərəfindən edilən subsidiyalar.
Prezident İlham Əliyev daha sonra demişdir: “Azərbaycanda kənd təsərrüfatı artır, sənaye artır, iqtisadiyyat artır. Bütün başqa ölkələrdə iqtisadiyyat böhrana görə aşağı enir, haradasa 10 faiz, haradasa 20 faiz. Azərbaycanda iqtisadi artım 6 faizdir. Bəziləri bunu neft amili ilə bağlayırdılar ki, Azərbaycanda neft hasil edilir, ona görə iqtisadi artım vardır. Neft başqa ölkələrdə də çıxarılır, bizdən daha da böyük həcmdə. Ancaq o ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, Azərbaycanda isə inkişaf edir. Nəyin hesabına? Düzgün siyasətin hesabına, düşünülmüş iqtisadi islahatların hesabına. Azərbaycanın bütün imkanları səfərbər edilib, potensial təhlil edilib, lazım olan qərarlar verilib, güclü investisiyalar xərclənib, bu gün də xərclənir. Bu, bütün ölkəmizi canlandırır”.