ELM VƏ TƏHSİL
Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi qeyd edilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 120 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda ADMİU-nun humanitar işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli, bu ali təhsil müəssisəsinin sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev və universitetin mətbuat xidmətinin rəhbəri İntiqam Mehdizadə çıxış edərək tədbirin Prezident İlham Əliyevin “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 9 fevral tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirmişlər. Tədbirin əhəmiyyətini vurğulayan natiqlər Əhməd Cavadın həyat və fəaliyyəti, zəngin yaradıcılığı haqqında söhbət açaraq onun mübarizə dolu ömür yoluna nəzər salmışlar. Repressiya qurbanlarını xatırlayan çıxışçılar Azərbaycanın bir sıra görkəmli elm xadimlərinin, şair və yazıçılarının məhz 1937-ci ildə faciəli şəkildə edam olunduqlarını diqqətə çatdırmış, gələcək nəslin milli təfəkkürünün inkişafında və yaddaşında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etmişlər. Bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ADMİU-da mütəmadi olaraq Azərbaycanın görkəmli klassiklərinin, mütəfəkkirlərinin yubileyləri qeyd edilir.
Konfransda Azərbaycanın istiqlal şairi Ə.Cavadın kəşməkəşli ömür yolu, zəngin yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuş şair Gəncə ruhani seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. Qeyd edilmişdir ki, 45 illik həyatı boyu şair çox məşəqqətli ömür yolu keçmiş, Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış və 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Onun müxtəlif mövzularda qələmə aldığı şeirləri bu gün də sevilərək dinlənilir.
Bütün həyatı boyu xalqımızın müstəqillik ideallarına sadiq qalan Əhməd Cavad poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsi qoyulmuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.
Tədbirdə ADMİU-nun ədəbiyyat və Azərbaycan dili kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Məmmədovanın “Azadlıq və istiqlal nəğməkarı”, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədovanın “Əhməd Cavad yaradıcılığında milli istiqlal ideyaları”, ədəbiyyat və Azərbaycan dili kafedrasının müəllimi Leyla Qurbanovanın “Əhməd Cavad yaradıcılığında türk xalqlarının birliyinə çağırış” mövzularında məruzələri dinlənilmiş, tələbələrin ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir.