CƏMİYYƏT
Azərbaycanın iştirakı ilə Qərbi və Mərkəzi Asiya Otorinolarinqologiya konfederasiyası yaradılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən 41-ci Türk Ulusal Qulaq-burun-boğaz və Baş-boyun Cərrahlığı Konqresində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndələri də iştirak ediblər. İnstitutun otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri, professor Nazim Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətinə otorinolarinqologiya kafedrasının dosentləri Akif Əfəndiyev, Ramil Həşimli və ölkəmizin müxtəlif tibb müəssisələrində çalışan Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 15 üzvü daxil idi.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresin plenar iclaslarında dəvət olunmuş məruzəçilər kimi dosentlər Akif Əfəndiyev və Ramil Həşimli məruzələrlə çıxış ediblər.
Konqresdə anlaşmalar əsasında qarşılıqlı fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan Otorinolarinqologiya cəmiyyətləri birləşərək bərabər hüquqlu Qərbi və Mərkəzi Asiya Otorinolarinqologiya konfederasiyası yaradıblar. Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin rəhbəri Vadim Nasırov konfederasiyanın sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli isə katibi seçilib.
Konfederasıyanın ilk qurultayının gələn ilin yazında Bakıda keçirilməsi qərara alınıb.