REGİONLAR
Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyada səfərdədir
Bakı, 21 yanvar (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq məhsulları, kənd təsərrüfatı və bağçılığa dair “Beynəlxalq Yaşıl Həftə 2011” sərgisində və kənd təsərrüfatı nazirlərinin 3-cü Berlin sammitində iştirak etmək məqsədilə Almaniya Federativ Respublikasının Berlin şəhərində səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nazir sərginin açılışında olmuş, qlobal kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi forumunda məruzə ilə çıxış etmişdir. İsmət Abasov çıxışında “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr, aqrar sahədə həyata keçirilən dövlət proqramları və layihələr, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, əldə olunmuş uğurlar və ərzaq təhlükəsizliyinə dair dünyada gedən prosesləri vurğulamışdır. Həmçinin, tədbirdə ticarət və qlobal ərzaq təhlükəsizliyi üzrə müzakirələr olmuşdur.
Sərgidə Azərbaycanın ölkə təqdimatı keçiriləcək, ölkə pavilyonu ilə tanışlıq, eyni zamanda kənd təsərrüfatı nazirlərinin müzakirələri və beynəlxalq zirvə görüşləri nəzərdə tutulmuşdur.
Səfər yanvarın 26-dək davam edəcəkdir.