SİYASƏT
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsi qarşısında çıxış etmişdir
Vaşinqton, 6 iyun (AZƏRTAC). ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyinin dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təşkilatın idarə heyətinin üzvləri qarşısında Azərbaycana həsr olunmuş təqdimat ilə çıxış etmişdir.
Təqdimatdan öncə nümayəndəliyin icraçı direktoru Mark Daymond, beynəlxalq komitəsinin sədri Qeri Cekobs və təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi Eli İbrahimzade çıxış edərək, Azərbaycanın İsrail və ABŞ üçün böyük önəm daşıdığını və ölkəmizdə yəhudilərin əsrlər boyu dinc və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırmışlar.
N.Ağayev çıxışında ölkəmizin müasir tarixi və hazırkı inkişafı, regionda oynadığı aparıcı rol, Azərbaycan-ABŞ və Azərbaycan-İsrail tərəfdaşlığı, ölkəmizdəki yəhudi icması və bu icmaya göstərilən diqqət və qayğı, Azərbaycanın bənzərsiz tolerantlıq ənənələri barədə məlumat vermişdir. Baş konsul Azərbaycan-İsrail münasibətlərini “xüsusi tərəfdaşlıq münasibətləri” kimi səciyyələndirərək, bu münasibətlərin davamlı xarakter daşıdığını, hər iki dövlətin və xalqın mənafelərinə cavab verdiyini vurğulamışdır. Diplomat Ermənistanın Azərbaycana hərbi təcavüzü və yüz minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması barədə dinləyiciləri ətraflı məlumatlandıraraq qeyd etmişdir ki, dünya birliyi bu ədalətsizliyə və beynəlxalq hüququn kobudcasına pozulmasına göz yummamalıdır.
Sonda N.Ağayev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.
Yusif Babanlı
Vaşinqton