SİYASƏT
Azərbaycanın Misirdəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza ehtiyatlı olmağı tövsiyə edir
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşanan son siyasi hadisələr və iyunun 30-da keçirilməsi planlaşdırılan kütləvi nümayişlər ilə əlaqədar buradakı Azərbaycan Respublikasının vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurətin yaranmadığı təqdirdə şəhərin mərkəzi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsi, avtomobillərinin yanacaqla təchiz edilməsi və telefonlarının işlək vəziyyətdə saxlanılması məsləhət görülür.
Səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısamüddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə diplomatik nümayəndəlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur.
Hər hansı bir zərurət yarandığı təqdirdə vətəndaşlar (002) 01008158628 və ya (002) 01014234441 qaynar xətlər vasitəsilə istənilən vaxt səfirliklə əlaqə saxlaya bilərlər.