ORDU
Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan ordusunun bölmələri sutka ərzində atəşkəs rejimini 49 dəfə pozublar VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, Berd rayonunun Çinari kəndindəki mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Azərbaycan Respublikasının Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.