İQTİSADİYYAT
Azərbaycanın nümayəndə heyəti Almaniyada istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə Beynəlxalq “USETEC-2014” sərgisində iştirak etmişdir
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) şöbə müdiri Emil Süleymanov və iş adamlarından ibarət nümayəndə heyəti Almaniyanın Köln şəhərində istifadə olunmuş maşın qurğuları və avadanlıqları üzrə Beynəlxalq “USETEC-2014” sərgisində iştirak etmişdir.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, səfərin əsas məqsədi beynəlxalq təcrübənin və yeni texnologiyaların Azərbaycanın iş adamlarına öyrədilməsi, tətbiqi, Almaniyanın ixrac texnikası, avadanlıqları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələləri əhatə etmişdir.
Sərgidə nümayəndə heyətimiz 20-dən çox sahəni əhatə edən şirkətlərin təmsil olunduğu pavilyona baş çəkmiş, müxtəlif mövzularda müzakirə və söhbətlər aparılmışdır.
Sərgidə görüş keçirən iş adamları əməkdaşlığın perspektivləri, investisiya, ixrac məsələləri ətrafında müzakirələr aparmış, hər iki ölkənin iş adamları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün real zəmin yaranmışdır.
Sahibkarlar səfərin nəticələrindən razı qalmış, yaradılan şəraitə görə ASK rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.