SİYASƏT
Azərbaycanın Özbəkistanda yeni təyin edilmiş səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim etmişdir
Daşkənd, 8 yanvar (AZƏRTAC). Azərbaycanın Özbəkistanda yeni təyin olunmuş səfiri Hüseyn Quliyev etimadnaməsinin surətini Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilova təqdim etmişdir.
Nazir bu vəzifəyə təyin olunması münasibəti ilə səfiri təbrik etmiş, ona uğurlar arzulamışdır.
Görüşdə son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərləri zamanı imzalanmış müqavilələrin həyata keçirilməsi məsələləri ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.
Bildirilmişdir ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və indiyədək ölkələrimiz arasında 100-dən artıq hökumətlərarası və idarələrarası sənəd imzalanmışdır.
Danışıqlar zamanı Azərbaycan ilə Özbəkistan arasında ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, investisiya qoyuluşu, mal mübadiləsinin həcminin artırılması və şaxələndirilməsi diqqət mərkəzində olmuşdur.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərinə də diqqət yetirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd