İQTİSADİYYAT
Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 9,4 faiz çox əmtəə satılmışdır
Bakı, 17 may (AZƏRTAC). Cari ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət bazarında əhaliyə 5,9 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox əmtəə satılmışdır.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilmişdir. Qeyd edilmişdir ki, əmtəə bazarında satılmış məhsulların 3,2 milyard manatı ərzaq, 2,7 milyard manatı qeyri-ərzaq mallarının hesabına formalaşmış, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi artmışdır.
Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1,9 dəfə artaraq 700,8 min manat təşkil etmişdir. Satışın 87,8 faizi hüquqi şəxslərin, 12,2 faizi fərdi sahibkarların hesabına reallaşmışdır. Əhalinin onlayn rejimi vasitəsi ilə istehlak mallarının alınmasına ödədikləri vəsaitin 93,9 faizi qeyri-ərzaq mallarının alınmasına sərf edilmişdir.