MƏDƏNİYYƏT
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu möhtəşəm Novruz şənliyi keçirmişdir
Aktau, 25 mart (AZƏRTAC). Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu vilayət filarmoniyasında möhtəşəm Novruz şənliyi keçirmişdir.
Tədbirdə Məngistay vilayətində yaşayan çoxsaylı soydaşlarımız, ictimaiyyətin nümayəndələri və ziyalılar, vilayətdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Baş konsulluğun konsulu Elxan Zeynalov Novruz münasibətilə salona toplaşanları təbrik etmiş, bu bayramın tarixi, adət-ənənələri haqqında ətraflı məlumat vermişdir.
E.Zeynalov Azərbaycan dövlətinin diaspora qayğısından danışmış, bu istiqamətdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Mərasimdə Azərbaycan haqqında sənədli film nümayiş etdirilmişdir, Məngistay vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Qarabağ” ansamblının solisti Həbib Quliyevin ifasında muğam, xalq və bəstəkar mahnıları səslənmiş, saz, balaban və nağarada qədim el havaları ifa olunmuşdur.
Sonra Samir Abdullayev və Ruslan Kanzəfərov nağara və gitarada ritmik musiqilər, Rəfael Bayramov və İlkin Mehdiyev estrada və rep üslubunda mahnılar, “Azəri” rəqs qrupunun ifasında milli rəqslərimiz ifa edilmiş, Elməddin Rüstəmov və Şamo Astanov meyxana demişlər.
Tədbirdə tələbələrdən Firuzə Nəsibova, İlkin Orucov, Janna Qordiyenko və Aidə Əliyeva Novruza dair şeirlər söyləmişlər.
Vilayətdə yaşayan, sərbəst, yunan-Roma güləşi, əlbəyaxa döyüş, uşu və karate üzrə bir çox beynəlxalq yarışlarında Qazaxıstanın bayrağını qaldırmış azərbaycanlı gənclər öz məharətlərini nümayiş etdirmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau