İQTİSADİYYAT
Azərbaycanın qeyri-neft sektorunda əsas inkişaf meyilləri kənd təsərrüfatı, turizm və infrastrukturdadır
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycanda qeyri-neft sektorunda artım davam edərsə, bir neçə ildən sonra ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq mümkün olar. Bu proqnoz Asiya İnkişaf Bankının (AİB) 2011-ci il üçün hesabatında öz əksini tapmışdır.
AİB-in “Asiyaya nəzər-2011” iqtisadi hesabat və proqnozlarında bildirilir ki, maliyyə böhranını aşmaqda olan Mərkəzi Asiya ölkələrində inflyasiya hələ də hiss olunacaq səviyyədə - 7,5 faizdir. AİB-in proqnozuna görə, bu rəqəm 2011-ci ilin sonuna 8,2 faiz, 2012-ci ilin sonuna isə 6,6 faiz ola bilər. İnflyasiya yaradan əsas səbəb ərzaq qiymətlərinin artmasıdır. BMT-nin “Ərzaq təhlükəsizliyi Proqramı”na uyğun olaraq dünyada ərzaq qiymətlərinin aşağı salınması 2012-ci ildə inflyasiya göstəricilərinin də azalmasına gətirib çıxara bilər. Azərbaycan və Gürcüstanda da müşahidə olunan inflyasiya məhz bu səbəbdəndir.
Xarici borcu daha çox olan ölkələr isə Qırğızıstan, Tacikistan, Ermənistan və Qazaxıstandır. İlk 3 ölkənin xarici borcu dövlətə aiddir. Ermənistanda bu borc son 2 ildə rekord səviyyədə artmışdır. Qazaxıstanın isə xarici borcu özəl sektora aiddir. Buna səbəb maliyyə böhranı nəticələrinin həmin ölkənin tikinti və bank sektorunu vurması olmuşdur.
Azərbaycanın xarici borcu 3,7 milyard dollardır. Lakin ölkənin təkcə neft fondunun maliyyə ehtiyatları bu borcdan 5,5 dəfə çoxdur.
Hesabatın Azərbaycana aid bölməsində göstərilir ki, ölkənin qeyri-neft sektorunda artım ötən il 7,9 faiz təşkil etmişdir. Bu tendensiya davam edərsə, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azalması baş verəcəkdir. Qeyri-neft sektorunda əsas aparıcı sahələr emal, tikinti, xidmət və kənd təsərrüfatıdır. Ötən il kənd təsərrüfatında azalma müşahidə olunsa da, bunun obyektiv səbəbləri (təbii fəlakətlər və sahələrdə zərərvericilərin artması) olmuşdur.
Azərbaycanın Neft Fondunun büdcəyə transfertinin artması (20 faiz) büdcə kəsirinin olmaması ilə nəticələnmişdir.
İnflyasiya isə, başqa ölkələrdə də olduğu kimi, ərzaq qiymətlərinin artımı fonunda yaranmışdır. Bu rəqəm təxminən 5,7 faizdir. Monetar göstəricilərdə də dayanıqlılıq müşahidə olunmuşdur. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi (24 faiz) artmışdır.
Digər iqtisadi proqnozlara gəldikdə isə, 2011-2013-cü illərdə iqtisadi artımın 5,8 faiz olacağı ehtimal olunur. Bu da, əsasən, yeni neft yataqlarının kəşf olunması ilə şərtləndirilir. Digər tərəfdən, kənd təsərrüfatı istehsalında ƏDV-nin aradan götürülməsi, antikorrupsiya fəaliyyəti, elektron hökumətin yaradılması buna təkan verən amillərdəndir. Qeyri-neft sektorunda əsas inkişaf meyilləri turizm və infrastrukturdadır.
Azərbaycanda gözlənilən inflyasiya isə 2011-ci ilin sonuna 7,5 faiz, 2012-ci ilin sonuna isə 7 faiz ətrafında ola bilər.
######