İQTİSADİYYAT
Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşmasına cəlbi uzaqgörən iqtisadi siyasətin təşəkkül tapmasıdır
Tehran, 4 fevral, AZƏRTAC
Hindistan 2020-ci ilin dövlət büdcəsindən İranın Çabahar limanının yenidən qurulması üçün əlavə 14 milyon dollar vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Hindistan ilə İran arasında aparılan danışıqların nəticəsi olaraq Çabahar limanı Hindistan şirkətlərinin idarəçiliyinə verilib. Bunun müqabilində isə Hindistan limanın yenidən qurulması və texniki təchizatını yaxşılaşdırmaq üçün 500 milyon dollar sərmayə yatırıb. Onu da qeyd edək ki, Hindistan hökuməti ABŞ Administrasiyası ilə uzun və gərgin danışıqlar apararaq Çabahr limanını sanksiyalardan kənarda saxlaya bilib.
Hindistanın İranın Çabahar limanına bu qədər diqqət ayırması heç də təsadüfi xarakter daşımır. Hələ 2002-ci ildə Sankt-Peterburqda Rusiya, Hindistan, İran və bir sıra Avropa dövlətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında razılıq əldə etdikdən sonra Çabahar limanı aktuallıq kəsb etməyə başlayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Hindistan Rusiya, Orta Asiya respublikaları və Avropa ilə iqtisadi-ticarət əlaqələrini məhz bu dəhliz vasitəsilə qurmağı planlaşdırır. Hindistanın bu istəyi də zərurətdən doğub. Dünya Bankının ekspertlərinin hesablamalarına görə, yaxın 10 ildə Asiya ilə Avropanın ticarət dövriyyəsi 200 milyard dollara çatacaq.
“Times of India” qəzeti yazır ki, Hindistanın böyük ixrac potensialı var və inkişaf edən iqtisadiyyat üçün nəqliyyat probleminin həlli vacibdir. İqtisadi inkişafda idxal-ixrac əməliyyatlarının tez və təhlükəsiz həyata keçirilməsi əsas amillərdən biridir. Süveyş kanalı vasitəsilə Avropa ilə nəqliyyat əlaqəsi saxlamaq olduqca baha başa gəlməklə yanaşı, həm də çox vaxt aparır. Mütəxəssislərin hesablamalarına görə, Hindistan “Şimal-Cənub” dəhlizi ilə Avropaya yük göndərsə yükün hər tonunda 1200 dollar vəsaitə qənaət etmiş olacaq. İl ərzində həyata keçirilən idxal-ixrac əməliyyatları zamanı isə göndərilən və qəbul edilən yükün həcmi isə milyon tondan çox olacaq. Vaxt amili isə onunla sərfəlidir ki, büdcə gələn gəlir vaxtında daxil olacaq.
Bütün bunların Azərbaycan üçün səmərəsi ondan ibarətdir ki, yüklər ölkəmizin üzərindən daşınacaq. Deməli Hindistan Avropaya göndərdiyi yüklər üçün nəqliyyat xərcini və vaxtı azaldacaq. Yüklər Hindistandan Çabahar limanına buradan isə dəmir yolu ilə Azərbaycana, Rusiyaya və Avropaya daşınacaq. Qazanan tərəf yalnız Hindistan olmayacaq. Eyni zamanda, Azərbaycanın da büdcə gəlirləri artacaq.
Göründüyü kimi, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı islahatlar olduqca səmərəlidir. Qeyd etmək lazımdır ki, burada Azərbaycan yalnız gömrük rüsumları toplamayacaq. Yük qatarlarına texniki xidmətin göstərilməsi, şirkətlərin Bakıda nümayəndəliklər yaratması və başqa məsələlərin həlli yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olacaq. Prezident İlham Əliyevin 2006-cı ildə Azərbaycanı “Şimal-Cənub” dəhlizinin formalaşmasına cəlb etməsi uzaqgörən iqtisadi siyasətin təşəkkül tapması idi. Bu istiqamətdə Azərbaycanda Ələt-Astara yolu yenidən quruldu, Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xətti çəkildi, Bakı Baynəlxalq Ticarət Limanı müasir standartlar səviyyəsində quruldu.
Hazırda Çabahar limanında böyükhəcmli işlər həyata keçirilir. Yüklərin transferi üçün texniki vasitələr quraşdırılıb və böyük yük gəmilərinin yan alması üçün yerlər tikilir. Artıq Hindistan Əfqanıstana və Orta Asiya respublikalarına yük daşımaları həyata keçirir. Yaxın gələcəkdə isə Avropa ilə idxal-ixrac əməliyyatlarına başlayacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran