ELM VƏ TƏHSİL
Azərbaycanın təhsil müəssisələrində 2013/2014-cü tədris ili başlanmışdır
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Azərbaycanın təhsil müəssisələrində 2013/2014-cü tədris ili başlanmışdır.
AZƏRTAC xəbər verir ki, bu tədris ilində ümumi təhsil müəssisələrinin birinci siniflərində 141 mindən çox şagird təhsil alacaqdır (ötən dərs ilində birinci sinif şagirdlərinin sayı 135 min 541 nəfər olmuşdur).
Yeni tədris ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinin birinci siniflərində isə 36 mindən çox şagird təhsil alacaqdır.
2013-2014-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 33 min 745 gənc qəbul olunmuşdur.
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsilin inkişafına daim xüsusi əhəmiyyət verirlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binaları istifadəyə verilmişdir. Son 10 ildə ümumilikdə respublikamızda 2.500-dən çox yeni məktəb binası tikilmişdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi istiqamətində də uğurlu tədbirlər reallaşdırılır.