SİYASƏT
Azərbaycanın Türkiyədəki səfirliyi sosial şəbəkələrdəki saxta səhifələrdə yer almış açıqlamalara aydınlıq gətirmişdir
Ankara, 4 aprel (AZƏRTAC) Azərbaycanın Türkiyədəki səfirliyi sosial şəbəkələrdə, xüsusilə “Facebook”da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın guya şəxsi səhifəsi kimi təqdim olunmuş bir saxta səhifədə Müsavat partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaları ilə bağlı araşdırmalar aparmış və müvafiq açıqlama yaymışdır.
Səfirlik məsələ ilə bağlı Türkiyə Baş Nazirinin Aparatı və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırmışdır.
Belə ki, hər iki yüksək səviyyəli dövlət qurumundan əldə olunan məlumata əsasən, Baş nazir Rəcəb Tayyib Ərdoğanın “Facebook” və “Twitter”də səhifələrinin olmadığı müəyyən edilmişdir. Müsavat partiyasının sədri İ. Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların yer aldığı “Facebook” səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olmuşdur.
Əlavə olaraq, Türkiyə Baş Nazirinin Aparatından səfirliyə bildirilmişdir ki, cənab R.T.Ərdoğanın özü də çox sayda “Recep Tayyip Erdoğan” adında saxta “Facebook” internet səhifələrindən narahat olmuş və bunların tədqiq olunaraq saxtakarlığa yol verənlərin cəzalandırılmasına dair göstəriş vermişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara