İDMAN
Azərbaycanın üç nümayəndəsi 2012-ci ilin yekunlarına görə Avropanın 70 ən yaxşı idmançısı sırasına daxil olmuşdur
Bakı, 3 yanvar (AZƏRTAC). Polşanın tanınmış PAP agentliyi Avropanın 25 informasiya agentliyi arasında keçirilmiş sorğuya yekun vurmuşdur. 2012-ci ilin nəticələrinə görə qitənin ən yaxşı idmançılarının adlarını açıqlamaq məqsədi daşıyan sorğuda Azərbaycan Dövlət Teleqraf Agentliyi – AZƏRTAC-da iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, 70 ən yaxşı idmançı sırasında Azərbaycanın 3 nümayəndəsi yer almışdır. Ölkəmizin ən güclü şahmatçısı Teymur Rəcəbov 9 bal toplayaraq, Martin Furkad (Fransa, biatlon), Daniel Quirta (Macarıstan, üzgüçülük), Robert Hartinq (Qalmaniya, disk atma), Mark Markes (İspaniya, MotoGP) və İspaniya yığmasının və “Barselona” klubunun futbolçusu Xavi Ernandes kimi idmançılarla 26-cı yeri bölüşmüşdür. Teymur dünya idmanının Yelena İsinbayeva (Rusiya, yüngül atletika), Fernando Torres (İspaniya, futbol), Dirk Novitski (Almaniya, basketbol), Andrea Pirlo (İtaliya, futbol), Mario Qomes (Almaniya, futbol), Vladimir Kliçko (Ukrayna, boks), Zlatan İbrahimoviç (İsveç, futbol) və s. kimi ulduzlarını qabaqlamışdır.
Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov 6 xalla 43-cü yeri tutmuş, atıcı, 2000-ci və 2004–cü illər Paralimpiya oyunlarının mükafatçısı Yelena Taranova 55-ci mövqedə qərarlaşmışdır.
Sorğuda “Formula-1” yarışlarının almaniyalı iştirakçısı Sebastyan Fettel qalib gəlmiş, 2-ci və 3 –cü yerləri britaniyalılar - velosiped yarışçısı Bredli Uilyams və yüngül atlet Məhəmməd Fərəh bölüşmüşlər. Beşinci yeri Xavinin komanda yoldaşı Andres İnyesta tutmuş, Kriştianu Ronaldu isə 7-ci mövqedə qərarlaşmışdır.
Qeyd edək ki, Polşa agentliyi ənənəvi illik sorğunu 55-ci dəfədir keçirir.