İDMAN
Azərbaycanın üç şahmatçısı “Al Ain open classic” turnirinin liderindən yarım xal geri qalır
Bakı, 24 dekabr (AZƏRTAC). Əl-Əyndə (BƏƏ) şahmat üzrə yeniyetmələrin dünya çempionatları ilə eyni zamanda iki “Al Ain open classic” turniri keçirilir. AZƏRTAC xəbər verir ki, “A” turnirində 29 ölkədən 99 oyunçu çıxış edir. Onların arasında 39 qrossmeyster və 30 beynəlxalq usta vardır.
Beş turdan sonra Əl-Əyndə keçirilən açıq turnirdə hərəyə 4,5 xal toplamış Baadur Cobava (Gürcüstan) və Mixaylo Oleksiyenko (Ukrayna) irəlidədirlər. Doqquz oyunçu yarım xal geri qalır, onların arasında Azərbaycan qrossmeysterləri Vasif Durarbəyli, Zaur Məmmədov və Azər Mİrzəyev də vardır. Azərbaycan şahmatçılarından Vüqar Rəsulovun, Bəhruz Rzayevin - hərəyə 3,5 xalı, Orxan Abdulovun - 3, Sərxan Quliyev və Nərmin Xələfovanın - hərəyə 2,5, Xəyalə Abdullanın - 2, Zirvə Səfərov və Nərmin Kazımovanın - hərəyə 1,5 xalı vardır.
Qeyd edək ki, bu turnirdə Azərbaycan idmanının şərəfini 11 şahmatçı qoruyur. “Al Ain open classic” beynəlxalq turniri İsveçrə sistemi üzrə 10 turda keçiriləcəkdir. Turnirin mükafat fondu 30 min dollardır, 1-ci yer üçün - 6 min dollar, 20 əsas mükafat və bir çox xüsusi mükafatlar nəzərdə tutulmuşdur.