MƏDƏNİYYƏT
Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi, səfir E.Hüseynova və onun rəhbər olduğu Səfirlər Klubunun üzvləri Fransanın Nansi şəhərinə səfər etmişlər
Paris, 2 iyun (AZƏRTAC ). Dünya Mədəni İrs üzrə Konvensiyasının 40-cı ildönümünün münasibətilə UNESCO-da akkreditə olunmuş səfirlərin bir qrupu Fransanın Lotaringiya əyalətində yerləşən Nansi şəhərinə səfər etmişdir.
UNESCO-nun Daimi Nümayəndələr Klubunun (Cercle des Delegues permanents) prezidenti, səfir Eleonora Hüseynova və Fransanın təşkilatdakı daimi nümayəndəsi Daniel Rondo tərəfindən təşkil edilmiş bu səfər çərçivəsində 60-a yaxın səfir Fransanın Dünya İrs Siyahısına salınmış ilk abidəsi olan Nansinin zəngin tarixi haqqında ətraflı məlumat almış, şəhərin əzəmətli memarlıq abidələri, XVIII əsrdə salınmış Lotaringiya tarixi muzeyinə, Chapelle des Cordeliers kilsəsinə baş çəkmiş, əyalətin ən gözəl qəsri olan Chateau de Haroue ilə tanış olmuşlar. Qəsrin sahibəsi, şahzadə Minnie de Beauvau-Craon qonaqlara Fransanın ən məşhur kutüryelərinin (Yves Saint-Laurent, Givenchy, Chanel və s.) toy libasları sərgisini nümayiş etdirmişdir.
Nansi şəhərinin meri Andre Rossino tərəfindən UNESCO-nun səfirlərinin şərəfinə verilən ziyafət zamanı Klubun prezidenti, səfir E.Hüseynova səmimi qonaqpərvərliyinə görə qrup adından dərin minnətdarlığını bildirmişdir. E.Hüseynova şəhərin rəhbərinin otuz il ərzində idarə etdiyi Nansinin tarixi və memarlıq abidələrinin bu cür gözəl saxlamasında rolunu xüsusi vurğulayaraq merə UNESCO-nun böyük medalını və “Dünya Mədəni İrsi” toplusunu təqdim etmişdir.
Mer A.Rossino öz növbəsində Səfirlər Klubunun üzvlərinin Nansiyə gəlmələrindən çox məmnun olduğunu bildirmiş və onlara təşəkkür etmişdir.
Tədbirin sonunda səfərin iştirakçılarına Nansi şəhərindən bəhs edən bukletlər və yerli şüşə sənətinin nümunələri təqdim olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris