İQTİSADİYYAT
Azərbaycanın veteran rabitəçiləri ilə görüş olmuşdur
Bakı, 9 may (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” İstehsalat Birliyində 9 May - Qələbə Günü münasibətilə Azərbaycanın veteran rabitəçiləri ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Böyük Vətən müharibəsində 600 mindən çox azərbaycanlının döyüşlərə qatıldığını, onlardan 300 mindən çoxunun həlak olduğunu, 123 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırmışdır.
İ.Məmmədov RYTN tərəfindən həmişə Böyük Vətən müharibəsi veteranlarına diqqət göstərildiyini qeyd etmişdir.
Respublika Rabitə İşçiləri Veteranlar Şurasının sədri İsbəndiyar İbrahimli bildirmişdir ki, ölkə üzrə 1524 rabitəçi veteran qeydə alınmışdır və onlardan 21-i Böyük Vətən müharibəsinin iştirakçısıdır. Nazirliyin müvafiq protokoluna əsasən, Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə hər ay 20 manat yardım göstərilir və veteranların yubiley günləri qeyd olunur. Şuranın tədbirlər planına uyğun olaraq hər bayramda və eləcə də şəxsən müraciət etmiş imkansız müharibə iştirakçılarına əlavə olaraq maddi yardım göstərilir.
Tədbirdə çıxış edən veteran rabitəçilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.
Sonda müharibə iştirakçılarına qiymətli hədiyyələr və birdəfəlik maddi yardım göstərilmişdir.