SİYASƏT
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfər edəcəkdir
Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 23-dən Latın Amerikası ölkələrində səfərdə olacaqdır. Nazir ilk olaraq Kolumbiyaya gedəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 20-də Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
E.Abdullayev bildirmişdir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Kolumbiyadan sonra Argentina, Uruqvay və Peruya səfər edəcəkdir. Səfər çərçivəsində biznes forumların keçirilməsi, ölkələr arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirə olunması nəzərdə tutulmuşdur.
Xarici siyasət idarəsinin sözçüsü vurğulamışdır ki, Latın Amerikası ölkələrinə səfər başa çatdıqdan sonra E.Məmmədyarov iyulun 31-də Parisə birgünlük rəsmi səfərə gedəcəkdir. Səfər çərçivəsində nazirin fransalı həmkarı ilə görüşü nəzərdə tutulmuşdur.