SİYASƏT
Azərbaycanın Xarici İşlər Nazirliyi: Türkmənistan tərəfi iki ölkənin prezidentləri arasında əldə olunmuş razılığı pozmuşdur
Bakı, 19 iyun (AZƏRTAC).Türkmənistan tərəfinin Xəzərin “Kəpəz” yatağında seysmik tədqiqat işləri aparmaq cəhdi iki ölkənin prezidentləri arasında əldə olunmuş razılığa ziddir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
Türkmənistanın xarici siyasət idarəsinin bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən yayılan bəyanatını şərh edən E.Abdullayev bildirmişdir ki, prezidentlərin razılaşmasına əsasən, Xəzərin dibinin bölünməsinə dair razılıq əldə edilənədək sektorların kəsişməsində hər hansı kəşfiyyat işləri həyata keçirilməməlidir. Təəssüf ki, Türkmənistan tərəfi bu razılığı pozmağa cəhd göstərmiş və biz bununla əlaqədar etirazımızı və narahatlığımızı ifadə etdik. Azərbaycan Xəzər dənizində suveren hüquqlara malikdir. Azərbaycan bu hüquqları müdafiə etmək haqqını özündə saxlayır.