ELM VƏ TƏHSİL
AZƏRBAYCANIN YETİŞDİRDİYİ, DÜNYA KOSMONAVTİKA ELMİNƏ BƏXŞ ETDİYİ GÖRKƏMLİ XADİM
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində görkəmli alim-konstruktor, SSRİ pilotlu kosmik komplekslərin uçuş sınaqları üzrə Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə K.Kərimovun həyat və fəaliyyətindən bəhs edən fotosərgi və “Xüsusilə məxfi generalın ömründən səhifələr” videosüjet nümayiş etdirilmişdir.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirmişdir ki, kosmik-raket sistemlərinin yaradılması və kosmonavtikanın inkişafında xüsusi xidmətlər göstərmiş həmyerlimizin yubileyi ilə əlaqədar bu günədək silsilə tədbirlər keçirilmiş, xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən olan Kərim Kərimovun xatirəsi hörmət və ehtiramla yad edilmişdir.
Kərim Kərimovun mənalı həyat yolundan, çətin və şərəfli fəaliyyətindən danışan nazir bildirmişdir ki, Azərbaycan xalqının şanlı oğlu orta məktəbi bitirdikdən sonra Novoçerkassk Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuş və 3-cü kursdan sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirmişdir. 1941-ci ildə Sənaye İnstitutunun beşinci kursunda elektromexanika ixtisası üzrə diplom işini vaxtından əvvəl müdafiə etdikdən sonra 1942-ci ilin əvvəlində Dzerjinski adına Artilleriya Akademiyasına dinləyici kimi qəbul edilmiş, burada akademiyanın tam kursunu bitirmiş və 1943-cü ildə baş texnik-leytenant rütbəsində Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinin hərbi nümayəndəliyinin Moskva şəhəri və vilayətinin müasir silah olan “Katyuşa” barıt mərmilərini istehsal edən zavodlarının birinə hərbi qəbuledici vəzifəsinə göndərilmişdir. Yüksək peşəkarlıq keyfiyyəti, təşkilatçılıq qabiliyyəti sayəsində cəbhəyə odsaçan silahların fasiləsiz göndərilməsini təmin edən Kərim Kərimov 1945-ci ildə ilk döyüş ordeni - “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdur. 1959-cu ildə SSRİ Silahlı Qüvvələrinin tərkibində yeni müstəqil Silahlı Qüvvələr növü - Raket Qoşunları yaradılanda Kərim Kərimov bu qoşunların Raket Silahları Baş İdarəsində Kosmik Vasitələr İdarəsinin rəisi təyin edilmiş və ona mühəndis-polkovnik hərbi rütbəsi verilmişdir.
Kərim Kərimovun kosmos tarixinə qızıl hərflərlə yazılmış nailiyyətlərindən danışan Səfər Əbiyev demişdir ki, dünyanı heyrətə gətirən hadisələrdən ən böyüyü ilk insanın – Yuri Qaqarinin kosmosa uçmasının reallaşmasına görə həmyerlimiz SSRİ-nin ən yüksək mükafatına - Lenin ordeninə və general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.
Nazir demişdir ki, Kərim Kərimova kosmonavtikanın inkişafında, pilotlu gəmilərin və orbital stansiyaların yaradılmasında, böyük beynəlxalq proqramların həyata keçirilməsində iştirakına görə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir.
Kərim Kərimovun 42 ildən sonra doğma Vətənə gəldiyini deyən müdafiə naziri bildirmişdir ki, görkəmli alim-konstruktor həmyerlilərinin digər sahələrlə yanaşı, kosmik fəaliyyətindəki işlərinə də çox yüksək qiymət vermişdir. Kosmik Təhqiqatlar üzrə Azərbaycan Elmi-İstehsalat Birliyinin kosmik tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətlər geologiyada, kənd təsərrüfatında, Xəzər dənizinin öyrənilməsində, ətraf mühitə nəzarətin gücləndirilməsində geniş istifadə edilir. Kərim Kərimovun nailiyyətləri müstəqil respublikamız tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev onu Azərbaycanda kosmik tədqiqatların inkişafında iştirakına görə “Şöhrət” ordeni ilə mükafatlandırmışdır. 2000-ci ildə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin həmyerlimizi 4-cü dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif etmişdir.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələsinin əsas prioritetə çevrildiyini deyən Səfər Əbiyev bildirmişdir ki, iqtisadiyyatın gündən-günə inkişafı Azərbaycanın müdafiə potensialının daha da yüksəlməsinə, ordumuzun qüdrətlənməsinə böyük təkan verir. Bu gün ölkəmizin başçısı ordu quruculuğuna böyük diqqət yetirir. Ordunun maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl həll edilir. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını Silahlı Qüvvələrin şəxsi heyəti daim hiss edir.
Yubiley tədbirində AMEA-nın prezidenti Mahmud Kərimov və müdafiə sənayesi naziri Yavər Camalov iştirak etmişlər.
Mərasim konsert proqramı ilə davam etdirilmişdir.