CƏMİYYƏT
Azərbaycanın Zəfər Günü Daşkənddə qeyd edilib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Zəfər Günü ilə bağlı qəbul keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Zəfərinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Zəfər Gününün tarixi əhəmiyyətindən söz açıb. Səfir deyib ki, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi xalqımız üçün milli qürur, qəhrəmanlıq və yenilməzlik rəmzidir. Otuz ilə yaxın Qarabağ və ona bitişik rayonlar işğal altında qalıb. Bununla belə ordumuzun şücaəti və xalqımızın qətiyyəti sayəsində biz öz torpaqlarımızı azad etdik və tarixi ədaləti bərpa etdik. Zəfər Günü bir daha sübut edir ki, Qarabağı azad edən igid oğullarımızın qanı yerdə qalmayıb. Onların xatirəsi qəlbimizdə daim yaşayacaq.
Səfir diqqətə çatdırıb ki, işğaldan azad etdiyimiz torpaqlara gələn xarici jurnalistlər və qonaqlar Ağdamı Azərbaycanın Xirosiması adlandırıblar. “Azərbaycan dəfələrlə UNESCO nümayəndələrini Qarabağa dəvət edib ki, onlar Azərbaycanın ermənilər tərəfindən dağıdılan mədəni irsini, düşmən münasibətini öz gözləri ilə görsünlər. Lakin UNESCO Qarabağa nümayəndələr göndərməyib. İşğala qədər Qarabağ torpağında olan 67 məscidin 65-i ermənilər tərəfindən dağıdılıb, iki məsciddə isə donuz saxlayıblar. Bakıdakı erməni kilsəsi bu günə qədər qorunub saxlanır, üç il əvvəl isə digər konfessiyalara məxsus kilsələr kimi restavrasiya edilib”, - deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan xalqı müharibə dövründə öz dəstəyini əsirgəməyən Özbəkistan dövlətinə və xalqına dərin minnətdarlığını bildirir.
Tədbirin bədii hissəsində Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov və Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova çıxış ediblər.
Sonra mərasim iştirakçıları Azərbaycan milli yeməklərinə qonaq edilib.
Tədbirdə Özbəkistan xarici işlər nazirinin müavini Batır Usmanov, parlamentin üzvləri, hökumət nümayəndələri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.