İQTİSADİYYAT
Azərbaycanla qaz müqaviləsi olmayan şirkətlər TANAP layihəsindən pay ala bilməyəcəklər
Bakı, 11 iyul (AZƏRTAC). Trans-Anadolu (TANAP) layihəsində hansı şirkətlərin pay alacağı yaxın günlərdə bəlli olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir.
R.Abdullayev bildirmişdir ki, hazırda “Botaş” şirkəti ilə ARDNŞ bir qədər əvvəl bağlanmış müqavilə üzrə detallı müzakirələr aparır. Eyni zamanda layihə üzrə səhmdarların müqaviləsi də hazırlanır. Bu zaman layihədən pay almaq üçün müraciət etmiş şirkətlər nəzərə alınacaqdır.
R.Abdullayev qeyd etmişdir ki, TANAP layihəsinə qoşulmaq üçün çoxsaylı müraciətlər vardır. Hətta “Şahdəniz” konsorsiumuna daxil olmayan bəzi şirkətlər də TANAP layihəsindən pay almaq üçün müraciət ediblər. Amma TANAP-dan yalnız Azərbaycanda hansısa qaz müqaviləsində iştirakı olan şirkətlərə pay veriləcəkdir. Qaz müqaviləsi olmayan şirkətlərin bu layihəyə qoşulmasının mənası yoxdur.
Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş cari il iyunun 26-da İstanbulda imzalanmışdır. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 milyard ABŞ dollarına başa gələcəkdir.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaqdır. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcəkdir.